Danışan Çəki
Danışan Çəki
Ansme həmişə düşünürdü ki, çəki sadəcə rəqəmlərdir—güzgüdə görünüşünü dəyişən, amma onu müəyyən etməməli olan rəqəmlər. Amma illər keçdikcə anlayırdı ki, çəki yalnız bədənlə bağlı deyil. Bu, onun içində daşıdığı yük idi—görünməz, amma ağır.
Gözlərini yumdu.
Və o peyda oldu. Onun çəkisi.
Ağ, kök, yumşaq və köməksiz bir varlıq kimi. Buluda bənzəyirdi—yüngül görünürdü, amma hərəkət etmək üçün çox ağır idi. İrəli əyildi, sanki nəsə demək istəyirdi, amma sözləri tapmaqda çətinlik çəkirdi.
— Niyə buradasan? — Ansme soruşdu.
O tərəddüd etdi. Sonra, pıçıltı ilə cavab verdi.
— İnsanlar mənə toxunmaq, qucaqlamaq, nəvaziş göstərmək istəsin deyə... məni sadəcə bədənim üçün istifadə etməsinlər deyə.
Sözlər sanki içində bir boşluğa düşdü, amma sonra əks-səda verdi. O qədər aydın idi ki… amma nədənsə, bunu özündən eşitməyə ehtiyac duymuşdu.
Ansme toxunmağı, qucaqlamağı sevirdi. İstəkdən deyil, qayğıdan. Kimisə dəstəkləmək, hiss etmək, istilik paylaşmaq üçün. Amma insanlar… insanlar həmişə bunu belə qəbul etmirdilər. Onun toxunuşunu başa düşmürdülər.
O, keçmişi düşündü.
Ona yalnız bədəni ilə maraqlanan insanları.
Onun çəkisinin necə zirehə çevrildiyini.
Qalxan, filtir, maska…
Çəkisi ilə insanlar onu başqa cür görürdülər. Amma çəkisiz…?
— Əgər yox olsan, ən qorxulu nə baş verə bilər?
O, artıq cavabı bilirdi.
— Yenidən istifadə olunacağam..
Və sonra…
Həmişə içində yaşayan anasının o səsini eşitdi. Narahat edən səsi.
"Arıq olanda sən itə oxşayırsan."
"Arıqlamaq olmaz—bədənini xəstəliklərə qarşı zəif edərsən."
"Sən çox köksən."
Ansme gözlərini açdı. Qarşısında güzgü vardı.
Özü ilə qarşılaşdı. Bəyəndiyi bir üz. Amma yad bir bədən.
Qeyri-çevik. Yöndəmsiz. Çox ağır. Çox hiss olunan.
Bir zamanlar, on beş yaşında olanda, 60 kilo idi. O vaxt bu ona "kök" kimi görünürdü.
İndi isə anlayırdı—bu, normal idi. Qəbul edilən idi. Məntiqli idi.
Özünü o bədəndə yenidən təsəvvür etdi.
Yüngüllük.
Sevinc.
Qorxu.
— Əgər çəkini qorxmadan ata bilsəydin… nə hiss edərdin?
Dərhal cavab vermədi.
Amma cavab artıq var idi.
•••••••••••••••••••••••
Комментарии
Отправить комментарий