Bədən tərbiyəsi var, bəs beyin tərbiyəsi?
Məktəblərdə uşaqlara “bədən tərbiyəsi” adlı bir fənn tədris olunur. Bu, adından da göründüyü kimi, bədənin tərbiyə olunmasına, inkişaf etdirilməsinə yönəlib. Hər kəs bilir ki, sağlam həyat tərzi üçün bədən hərəkətdə olmalıdır, formalaşmalı, müəyyən istiqamətdə inkişaf etdirilməlidir. Yəni bu proses təsadüfi yox, məqsədli şəkildə aparılmalıdır.
Lakin maraqlıdır ki, məktəb proqramlarında “beyin tərbiyəsi” adlı bir fənn yoxdur. Dünya görüşünün artırılması, məlumat toplamaq, ümumi biliklər əldə etmək beyinlə bağlıdır, bəli. Amma burada söhbət tam başqa bir şeydən — beynin özünün tərbiyəsindən gedir.
Zaman keçdikcə insanlar bunun fərqinə varmağa başlayırlar. Beyni tərbiyə olunmayan insan hansı istiqamətə gedəcəyini, nə istədiyini dəqiq bilmir. Hissləri, bədəni və içində baş verən prosesləri anlamadığı üçün həyatını istədiyi kimi yönəldə bilmir. Bu səbəbdən insanlar getdikcə psixoloqlara, kouçlara, fərdi inkişaf mütəxəssislərinə müraciət edirlər. Məqsəd sadədir: beyni tərbiyə etmək, onu istədikləri istiqamətdə inkişaf etdirmək.
Bəs beyin tərbiyəsi nəyə lazımdır?
Əvvəla, beyin və bədən bir-birindən ayrı deyil — biri digərini dəstəkləyir. Beyin düzgün işləməyəndə, bədənin də fəaliyyəti ahəngdar olmur. İkincisi, beyin tərbiyə olunduqca münasibətlər də keyfiyyət qazanır. İnsan özünü, istəklərini, seçimlərini və ehtiyaclarını daha yaxşı anlayır. Üçüncüsü, insanın həyatda bir şeyləri yarada bilməsi, uğur qazana bilməsi də beynin necə işləməsindən çox asılıdır.
Əgər beyin yaşamağın formasını, yəni hansı həyat tərzini istədiyini təsəvvür edə bilmirsə, o həyatı necə yarada bilər? Məhz buna görə biz beynimizə göstərməli, öyrətməli və müəyyən düşüncə tərzini praktika etdirərək onu avtomatik rejimə salmalıyıq. Bu rejim formalaşdıqdan sonra isə həyat daha axıcı, istiqamətli və rahat olur.
Nəticə olaraq, bədən tərbiyəsi qədər beyin tərbiyəsi də zəruridir. Bu sahə məktəbdə ayrıca fənn olmasa da, həyatın özü insanı gec-tez bu yolda düşünməyə, seçim etməyə və dəyişməyə məcbur edir. Ən yaxşısı isə — bu dəyişimi özümüz idarə edək, beynimizi öz istəyimizə uyğun yönləndirək.
Kouç Zümrüd Əsədova
+994702947788
Комментарии
Отправить комментарий