Emosiyalar: hisslərin dili, yoxsa sistemin “baq”ıdır?
Emosiyalar: hisslərin dili, yoxsa sistemin “baq”ıdır?
Heç düşünmüsünüzmü, niyə bəzən bir emosiyamız bütün günümüzü dəyişə bilir?
Bir insanın bir sözü bizi həddindən artıq incidə bilər. Kiçik bir məsafə belə tərk edilmək qorxusu yarada bilər. Qarşımızdakı insan sadəcə susur, amma beynimiz artıq bütöv bir hekayə yazır:
“Məndən soyuyub.”
“Artıq məni istəmir.”
“Yenə tək qalacağam.”
Bəs burada həqiqətən nə baş verir?
Emosiyalar — hisslərin dilidir
Emosiyalar bizə nəyinsə baş verdiyini bildirən siqnallardır. Onlar bədənin və psixikanın sürətli kommunikasiya sistemidir.
Amma maraqlı olan budur ki, biz bu dili həmişə olduğu kimi oxumuruq.
Çünki hər birimiz emosiyaları öz təcrübəmiz, inanclarımız, keçmişimiz və yaşadığımız yaralar vasitəsilə interpretasiya edirik.
Yəni:
Hiss → Emosiya → Interpretasiya → Reaksiya
Məsələn, qorxu.
Emosiyanın özü sadəcə deyə bilər:
“Burada mənim üçün vacib və ya təhlükəli bir şey var.”
Amma keçmiş təcrübəmiz bu siqnalı belə tərcümə edə bilər:
“Məni tərk edəcəklər.”
Və biz artıq qorxunu deyil, onun haqqında yaratdığımız hekayəni yaşayırıq.
Emosiya yalan danışmır. Amma onun tərcüməsi səhv ola bilər.
Bu çox vacib fərqdir.
Əgər özümü qısqanc hiss edirəmsə, bu avtomatik olaraq qarşı tərəfin mənə xəyanət etdiyini göstərmir.
Əgər qorxuramsa, bu, mütləq təhlükənin olduğunu göstərmir.
Əgər inciyirəmsə, bu, qarşımdakı insanın mütləq məni incitmək istədiyi demək deyil.
Emosiya siqnal verir.
Biz isə həmin siqnalın mənasını öz zehnimizdə yaradırıq.
Və bəzən bu məna bugünkü reallıqdan yox, dünənki təcrübədən gəlir.
Məsələn...
Bir uşaq dəfələrlə tərk edilmək, rədd edilmək və ya sevgini itirmək təcrübəsi yaşayıbsa, böyüdükdə münasibətdə adi bir məsafəni belə təhlükə kimi qəbul edə bilər.
Partnyoru sadəcə yorğun ola bilər.
Amma onun sinir sistemi deyir:
“Diqqət! Təhlükə var. Məni tərk edirlər.”
Bu zaman insanın reaksiyası qarşısındakı insanın real davranışına deyil, keçmişdə formalaşmış daxili xəritəsinə əsaslana bilər.
Və beləliklə, keçmiş bu günün içindən danışmağa başlayır.
Bəs emosiyalar “sistemin baqı”dır?
Əslində yox.
Emosiyalar çox mürəkkəb və qədim bir qorunma sistemidir. Onların məqsədi bizi çətin vəziyyətlərdə sürətli şəkildə yönləndirməkdir.
Problem emosiyanın mövcudluğunda deyil.
Problem ondadır ki, biz çox vaxt siqnalı həqiqətin özü hesab edirik.
“Qorxuram” → “Deməli, təhlükə var.”
“İncimişəm” → “Deməli, o məni qəsdən incitdi.”
“Qısqanıram” → “Deməli, mənə xəyanət edir.”
“Özümü dəyərsiz hiss edirəm” → “Deməli, mən dəyərsizəm.”
Halbuki bunların arasında böyük fərq var.
Hiss etdiyim şey — həqiqətdir.
Amma hiss etdiyim şey haqqında düşündüyüm hər şey — mütləq həqiqət deyil.
Bəlkə də emosional yetkinlik məhz burada başlayır.
Emosiyanı boğmaqda yox.
Onunla mübarizə aparmaqda yox.
Onu dərhal hərəkətə çevirməkdə də yox.
Sadəcə dayanıb soruşmaqda:
“Mən indi nə hiss edirəm?”
“Bu hiss mənə nə deyir?”
“Mən onun mənasını necə interpretasiya edirəm?”
“Bu, həqiqətən bu an baş verənlə bağlıdır, yoxsa keçmişdən tanıdığım bir ssenaridir?”
Çünki bəzən emosiyanın arxasında həqiqətən həyatla bağlı vacib bir həqiqət dayanır.
Bəzən isə sadəcə köhnə bir yara yenidən aktivləşir.
Və biz ikisini ayırd etməyi öyrəndikcə, emosiyalar artıq bizi idarə edən qüvvəyə yox, özümüzü anlamaq üçün xəritəyəçevrilir.
Bəlkə də məqsəd emosiyasız olmaq deyil.
Bəlkə məqsəd emosiyalarımızın dilini öyrənməkdir.
Çünki hiss etmək — həyatla əlaqədir.
Anlamaq isə həmin əlaqənin dilini öyrənməkdir.
Zümrüd Əsədova +994702947788

Комментарии
Отправить комментарий